Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (5 noyabr 1938, Dövlətyarlı, Qaryagin rayonu – 23 fevral 2015, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007).
Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur.
23 fevral 2015-ci ildə vəfat etmişdir
200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.